Azərbaycan Türkiyənin Samsun şəhərində keçirilən II Beynəlxalq «Samsun İkiztepe Sağlamlıq Sammiti»ndə təmsil edilir.
Turizmplus.az xəbər verir ki, ölkəmizi turizmçilər, həkimlər və jurnalistlərin daxil olduğu 35 nəfərlik nümayəndə heyəti təmsil edir. Eyni zamanda, sammitin keçirildiyi salonda Azərbaycan Turizm Bürosunun, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının, «SKAL Baku» turizm peşəkarları klubunun və Bioloji Təbabət klinikasının təşkilatçılığı ilə Azərbaycan turizminin təbliğ edildiyi stendlər quraşdırılıb.
Tədbiri giriş sözü ilə Türkiyə Anadolu Aslanları İş Adamları Birliyinin (ASKON) sədri Orhan Aydın açıb. Sədr qeyd edib ki, Türkiyə səhiyyə sektorunda olduğu kimi sənayeyə, ixracata, texnologiyaya və xüsusilə müdafiə sənayesinə ev sahibliyi edən ölkəyə çevrilib:
«Türkiyə səhiyyə sektorunda dünyanın ən əhəmiyyətli bazarlarından biri olacaq. Rəsmi statistikalara görə, Türkiyədə 2023-cü ildə 404 investisiya təşviqi ilə sağlamlıq turizmi sahəsinə 62 milyard lirə sərmayə qoyulub”.
Samsun valisi Orhan Tavlı da Qurtuluş Savaşı şəhəri Samsunda İkiztepe Sağlamlıq Zirvəsinin ölkə rəhbərliyi tərəfindən müsbət qarşılandığını qeyd edib.
Tədbir çərçivəsində Samsun valisi Orhan Tavlı ilə Azərbayca turizmçilərinin görüşü baş tutub. Ayaqüstü müzakirələr zamanı Bakı-Samsun arasında birbaşa aviareyslərin təşkili, sağlamlıq turizmi sahəsində qarşılıqlı əlaqələr müzakirə edilib. Valiyə tarixi Şuşa şəhəri ilə bağlı xatirə hədiyyəsi təqdim edilib.
Tədbirdə iştirak edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev bildirib ki, Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi, sağlamlıq turizmi sahəsində də çox yaxşı münasibətlər formalaşıb:
«Azərbaycan Samsunda keçirilən İkiztepe Sağlıq Zirvəsində artıq 2-ci dəfə iştirak edir. Ölkəmiz burada böyük nümayəndə heyəti ilə təmsil olunur. Qardaş ölkənin və digər iştirakçı ölkələrin səhiyyə və turizm nümayəndələri ilə keçirilən görüşlər nəticəsində qarşılıqlı əməkdaşlığın qurulması Azərbaycana sağlamlıq məqsədilə gələnlərin sayına da öz təsirini göstərir. Bu il ərzində Bakıda Samsun sağlıq turizmi günlərinin keçirilməsi barədə müzakirələr aparırıq. Eyni zamanda Bakı-Samsun birbaşa reyslərin təşkili məsələsi də gündəmdədir».
«Plus Media Production» şirkətinin rəhbəri Rəhim Qədirov Türkiyənin «Anadolu Ajansı» xəbər agentliyinə verdiyi müsahibədə II Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Zirvəsinin turizm sahəsində iki qardaş ölkə arasında yeni körpülər yaratdığını bildirib:
«Bu tədbir çərçivəsində nəinki sağlamlıq və tibbə aid xəbərlər, eyni zamanda Samsunun zəngin turizm potensialı barədə informativ məlumatlar da Azərbaycan vətəndaşları tərəfindən maraqla oxunulur və izlənilir. Bu da vətəndaşlarımızda Samsuna, onun tarixi və qastronomik turizminə marağın yaranmasına səbəb olur», — deyə Rəhim Qədirov qeyd edib.
Nəzərinizə çatdıraq ki, «Samsun İkiztepe Sağlamlıq Zirvəsi» 18 Mayda sona çatacaq.