«BTB Tours» ətrafında baş verənlər: Ləğv edilən Kipr uçuşları, məhkəmə işi — I HİSSƏ

photo 2023 07 10 16 22 19

Xəbər verdiyimiz kimi, iyun ayından etibarən Azərbaycandan Şimali Kiprə uçuşlar baş tutmalı idi. Uçuşları Şimali Kipr Türk Cümhuriyyətinə məxsus hava yolları Türkiyənin Adana bölgəsi üzərindən həyata keçirəcəkdi. Lakin iyunun sonlarında baş tutmalı reys 50%-dən çox doluluq göstərsə də uçuşa bir neçə saat qalmış ləğv edildi. Nəzərinizə çatdıraq ki, Şimali Kipr turları «BTB Tours» tur-operatorunun ərsəyə gətirdiyi və satışa çıxardığı turizm məhsuludur.

Bu barədə jurnalist Rəhim Qədirov «BTB Tours» beynəlxalq tur-operatorunun Bakı nümayəndəliyinin rəhbəri Fərid Əliyevlə söhbət aparıb.

— Səhv etmirəmsə Kipr reysləri may ayından etibarən həyata keçirilməli idi. Belə çıxır ki, uçuşlar bir neçə dəfə ləğv edilib?

— Hazırda bütün proyekti dayandırmışıq. Bilirsiniz, bazarda hər zaman yeni məhsul olduqda reyslərin baş tutacağı ilə bağlı suallar gəlir. Biz də hər zaman bildirirdik ki, ümidvarıq hər şey qaydasında olacaq və yetərincə say toplayacayıq. İlk uçuş mayın 27-də düşünlürdü və qiymətlər də hazırlanmışdı. Biz qlobal olaraq turları reklam etməsək də test məqsədli addımlar atılırdı. Müəyyən analizlər onu göstərdi ki, bu tarix uğurlu deyil. Qeyd etdiyim tarixə heç bir məhsul satışı həyata keçirilməmişdi. Ondan sonra da uçuş üçün müəyyən tarixlər seçilsə də ilk real satışımız 28 iyun tarixi üçün baş tutub.

— Satışlar doluluq cəhətdən hansı nəticəni verdi? İstənilən sayda müştəri toplamağı bacardınız?

— Belə turların satışları əksər hallarda yanvar ayından başlayır və erkən rezervasiya dönəmini yaşayır. Təəssüf ki, biz bu məhsulun satışını çox gec başladıq. Buna baxmayaraq, nəzərdə tutulan ilk uçuş üçün 50%-dən çox yer doldurduq. Bazarda ilk məhsulun satışı üçün bu rəqəm kifayət qədər yaxşıdır.

— Aydındır. Ancaq sonra xoşagəlməz hadisələr yaşandı və reyslər ləğv edildi. Bu məsələlərlə bağlı bazarda müzakirə edilən səbəblər var. Daha yaxşı olar ki, siz də fikrinizi bildirəsiniz.

— Əvvəlcə onu deyim ki, reyslər ləğv edilməsinə baxmayaraq həmin gecə biz bütün turistlərimizə alternativ təkliflər verdik, aviabiletlərini kompensasiya etdik. Sözsüz ki, reyslərin ləğv olunmasında müxtəlif səbəblər ola bilər. Bayram ərəfəsi olduğu üçün biz mütləq səbəbi daha dəqiq öyrənə bilməmişdik. Bildiyiniz kimi, uçuşlarda icazə qaydaları var. Bu qaydalar uçuşlara bir saat qalmışa qədər də ləğv edilməsinə səbəb ola bilər. Bunlar texniki məsələlərdir.

— Bu texniki məsələlər sizin tərəfinizdən tam həll edilmişdi? Yəni, uçuşlara icazə alınmışdı?

— Sözsüz ki. Təyyarə Bakı istiqamətində uçuş həyata keçirəndə hava limanının elektron tablolarında uçuşa dair məlumatlar göstərilməyə başladı. Bəzən turisltərimiz sırf bu məsələyə görə narahat olurdu. Təbii ki, çarter reysləri olduğu üçün bu belə idi. Reys gecə saat 02:30-da həyata keçiriləcəkdi. Saat 17:00 radələrində bizə reysin ləğv ediləcəyinə dair məlumat gəldi və biz dərhal səbəblərlə maraqlanmağa başladıq. Saat 20:00-21:00 aralığında reyslərin bərpa olunmayacağını anladıq və turistlərlə əlaqə yaratmağa çalışdıq.

— Mən bildiyimə görə, artıq hava limanında olan turistlər də var idi…Turistlərə hansı təklifləriniz oldu?

— Bəli, bu həqiqətdir. Biz turistlərlə əlaqə saxlayanda aydın oldu ki, artıq hava limanında olan turistlər də var. Biz turistlərə turun qiymətinin 10% üstü dəyərində ödəniş qaytardıq. Digərləri üçün Bakıdan müxtəlif istiqamətlər üzərindən olmaqla aviabiletlər kəsildi. Yəni, çalışdıq ki, bütün turistlər bu halın yaşanmasına baxmayaraq məmnun qalsın.

— Fərid bəy, reyslərin ləğv edilməsində konkret səbəb sonradan məlum oldu ?

— Bir neçə dəqiqə öncə də qeyd etdiyim kimi, bəzi hava limanlarında icazəylə bağlı müxtəlif proseslər olur, bu məsələlərlə bağlı bir çox şəxslər qərar verir. Biz hazırda rəsmi cavabı gözləyirik.

— Hər halda bayaq da qeyd etdiniz ki, təyyarə Bakı istiqamətində uçuşa başlamışdı. Demək ki, qarşı tərəflə bağlı heç bir problem yaşanmayıb. Bu da o deməkdir ki, burda səbəblər, əslində, məlum olmalıdır.

— Bilirsiniz, dünyada belə olaylar tez-tez yaşanır. Bu siyasi səbəblərlə və yaxud icazələrlə bağlı olur. Yəni, bu gün siz, hətta, şəxsi jetinizlə uçuş həyata keçirmək istəsəniz, təbii ki, icazə almalısınız. Bu icazəni sizə dərhal verə və ya verməyə bilərlər. Eləcə də, bu icazə hava limanı tərəfindən uçuşa 1 ay qalmış və ya 1 saat qalmış ləğv edilə bilər.

BİRİNCİ HİSSƏNİN SONU

 

Menecerlər