Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edərək onların xeyli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Turizmplus.az saytına verilən məlumata görə, tədbirlərlə Bakı şəhər sakini Vüsal Əliyev saxlanılaraq istintaqa təqdim olunub.
Bakıda möhtəşəm «Tourism Day Private Event» tədbiri baş tutacaq
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs özünü turizm şirkətlərinin birinin nümayəndəsi kimi təqdim edərək iki nəfər şəxsə qarşı dələduzluq edib. Zərərçəkmişlərə Türkiyə Respublikasına turla təmin edəcəyi barədə vədlər verən V.Əliyev onların ümumilikdə 9690 manat pulunu ələ keçirib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, V.Əliyev barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun digər analoji cinayətlərdə iştirakını da istisna edilmir. Əgər V.Əliyevin əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri tövsiyə olunur.