“Azərbaycan Hava Yolları” aviaşirkəti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlarımızın xatirəsini yad edib. AZAL-ın pilotları səmada Azərbaycanın torpaqlarının azadlığı uğrunda canlarından keçərək şəhid olan əsgərlərimizin əziz xatirəsinin rəmzi — Xarı-bülbül çiçəyinin konturunu çəkiblər.
Hər il sentyabrın 27-də ölkəmizdə şəhidlərimizə ən yüksək hörmət əlaməti kimi Anım Günü qeyd olunur. Birliyimiz üçün şəhidlik zirvəsinə ucalan igid oğullarımızın Anım Günü milli iradənin, milli ruhun və ləyaqətin təntənəsi günüdür. Xarı-bülbül isə qürur, qələbə və əbədiyyət nümunəsidir.
Hava gəmisinin qeyri-adi marşrutu dünyanın bütün təyyarələrinin uçuş trayektoriyalarının qeydə alındığı xüsusi saytda – “FlightRadar”da nümayış etdirilib.
Bu möhtəşəm təsvir “Azərbaycan Hava Yolları”nın “Laçın” adlı “Airbus 320neo” təyyarəsi ilə yaradılıb.