Bu il ilk dəfə təşkil edilən İstanbul Turizm Sərgisi (ITF) çərçivəsində «2023 Mövsümü Qiymətləndirilməsi və 2024 Gözləntiləri» panelində iştirak edən «Swissotel Bosphorus» hotelinin baş direktoru Uğur Talayhan 2023-cü ilin Türkiyə turizmi üçün çətin bir il olduğunu bildirib.
Turizmplus.az xəbər verir ki, Talayhan 2022-ci ilin möhtəşəm keçən mövsümündən sonra özü də daxil olmaqla hotelçilərin 2023-cü ildə həm seçkilər, həm də zəlzələ səbəbilə böyük çətinliklərlə qarşılaşdığını qeyd edib. Körfəz ölkələri və Rusiyadakı zəngin turistlərin bu il başqa istiqamətlərə getdiyini qeyd edən Talayhan bunun ən böyük səbəbinin İstanbulda zəlzələ olacağına dair davamlı xəbərlər olduğunu iddia edib.
2017-ci ildə vəzifəyə gəldiyi «Swissotel Bosphorus»un o dövrdə ildə 12 milyon avro qida və içki gəliri əldə etdiyini ifadə edən Talayhan qeyd edib ki, 2023-cü ildə bu məbləğ illik 22 milyona yüksəlib. O, eyni zamanda bildirib ki, hotelin qida və içki departamentində 450 nəfər çalışır.