Noyabr ayından etibarən Türkiyənin yay kurortlarına erkən rezervasiyalar başlanıb. Bəzi turizmçilər tərəfindən bu xəbər birmənalı qarşılanmayıb.
Turizmplus.az bu məsələ ilə bağlı «Summer Tour» tur-operatorunun Çağrı mərkəzinin rəhbəri Tural Məlikova müraciət edib.
— Erkən Rezervasiyaların bu qədər tez başlamasının səbəbi nədir?
Məsələ ilə əlaqədar bildiririk ki, erkən rezervasiyalar satışa heç də hər il yanvar ayında açılmayıb. Müxtəlif illərdə erkən rezervasiyaların noyabr və dekabr aylarında da satışa çıxarıldığının şahidi olmuşuq. Məsələn, 2022-ci il üçün erkən rezervasiyaların satışları artıq 2021-ci ilin dekabr ayında açılmışdı. Əslində satışların tez açılması həm turistlər, həm də turizm agentlikləri üçün səmərəlidir. Belə ki, hal-hazırda satışa çıxarılmış otel qiymətlərinin endirim faizləri yüksək olduğundan dekabr və yanvar aylarında satışa çıxarılacaq qiymətlərdən daha münasibdir. Bu da turistlər üçün büdcəyə qənaət imkanı yaratmaqla birlikdə, agentliklər üçün turizm məhsullarını daha münasib qiymətə təklif etmək imkanı yaradır.
— Turizmçilər bəlli səbəblərdən dolayı bu məsələdən narazıdır, bununla da bağlı mövqeyinizi bildirin
Erkən satışlar dünya praktikasında da geniş yayılmışdır. Məsələn, İngiltərədə 2025-ci ilin satışları indidən başlamışdır. Almaniya praktikasına nəzər salsaq, erkən rezervasiyaların sentyabr ayından başladığını görə bilərik. Biz “Summer Tour Azərbaycan” Şirkəti olaraq Azərbaycanlı turistlərin də bu imkandan yararlana bilməsini düzgün hesab edirik. Çünki bizim vətəndaşlar da indiki qiymətlərin ucuz olması səbəbi ilə həm büdcə baxımından, həm də digər səbəblərdən yay tətillərini indidən planlamağa çalışırlar.
— Satışların sistemdə yenidən bağlanıb, yanvarda açılması ehtimalı varmı?
Hal-hazırda erkən rezervasiyaların bağlanıb, yanvar ayında yenidən açılması isə düzgün addım olmaz. Çünki bir çox agentliklər Türkiyə istiqaməti üzrə artıq satışlara başlayıb və turizm paketlərinin elanlarını müxtəlif reklam vasitələrində yerləşdiriblər. Satışların bağlanması heç bir halda nə turistlər üçün, nə də turizm agentlikləri üçün müsbət nəticə verməz.
RƏHİM QƏDİROV