Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin təşkilatçılığı ilə «Gənc turizmçilərin şəbəkələşmə və əmək yarmarkası» keçirilib.
Turizmplus.az xəbər verir ki, yarmarkada iştirak edən 180-dən çox tələbəyə müxtəlif dövlət qurumları, təhsil müəssisələri, eləcə də turizm sənayesinin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən müəssisələr (yerləşmə, iaşə və əyləncə, startaplar) daxil olmaqla 31 müəssisə üzrə iş imkanları təqdim edilib.
Yarmarkanın keçirilməsində əsas məqsəd tələbələrin iş imkanlarına əlçatanlığının təmini və rəqabətqabiliyyətli kadrların sənaye ilə birbaşa əlaqələrinin genişləndirilməsidir.
Tədbir Dövlət Turizm Agentliyinin “Azərbaycanın Turizm Strategiyası 2023-2026” sənədinin 9 təməl prioritetlərindən biri olan turizm sektorunda insan resurslarının inkişafı istiqamətlərini hədəfləyir.