Aviaşirkətlər vasitəsi ilə turistik səfərlərin sayının artırılması istiqamətində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və iş birliyinin qurulması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Hindistanın “İndigo Airlines” hava yolları şirkətinin satış üzrə direktoru Vişeş Xannanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə Göydəniz Qəhrəmanov nümayəndə heyətinə Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sektorunun inkişafında rolu, üzvlərinin sayı və göstərdikləri xidmət sahələri haqqında ətraflı məlumat verib. Son illər Hidistandan Azərbaycana səfər edənlərin sayında ciddi artımın müşahidə olunduğunu qeyd edən ATAA sədri 2023-cü ildə Hidsitandan ölkəmizə 120 minə yaxın şəxsin ziyarət etdiyini və səfər edən ölkələr arasında Hindistanın 4-cü yerdə qərarlaşdığını bildirib. O, Azərbaycanla Hindistan arasında uçuşların sayının çoxaldılmasının, xüsusi ilə “İndigo Airlines” hava yollarının Azərbaycan istiqaməti üzrə aktivliyini artırmasının turizm axınına müsbət təsir etdiyini vurğulayıb.
Göydəniz Qəhrəmanov gəlmə turizmi ilə məşğul olan üzv şirkətlər üçün Hindistan destinasiyanın əsas hədəf bazarlarından biri olduğunu və Assosiasiyanın bu əlaqələrin genişləndirilməsində birgə əməkdaşlığa maraq göstərdiyini diqqətə çatdırıb.
Azərbaycan istiqamətində həfdətə 7 uçuşun həyata keçirildiyini qeyd edən “İndigo Airlines” hava yolları şirkətinin satış üzrə direktoru Vişeş Xanna aviaşirkət üçün Azərbaycanın turizm bazarının önəmli olduğunu qeyd edib. Artıq bir müddətdir ki, Assosiasiyanın bir sıra üzvləri ilə sıx əməkaşlıq əlaqələrinin qurulduğunu deyən Vişeş Xanna bu potensialın artırılması üçün birgə fəaliyyətin genişləndirilməsinə hazır olduğunu bildirib.
Görüş zamanı turist cəlbediciliyinin artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq, üzv şirkətlərlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qiymət siyasətinin formalaşdırılması,birgə layihələrin icrası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, 300 dən artıq təyyarəsi olan “İndigo Airlines” şirkəti gündəlik olaraq 75 daxili, 25 beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirir.