Dünya turizm sənayesi post-pandemiya dövründən sonra 2024-cü ildə 2019-cu ilin statistikalarının təkrarlanacağı barədə müzakirələr aparır. Təbii ki, bu müzakirələr Azərbaycan turizminə də dəlalət edir. Bu il turizmdən gözləntilərimiz, qarşıda duran məsələlər və problemlər barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyətinin sədri Göydəniz Qəhrəmanovla danışmışıq.
— 2024-cü ildə Azərbaycan turizmində hansı yeniliklər gözlənilir?
— Bu il Azərbaycanda beynəlxalq COP29 tədbiri keçiriləcək. Bununla bağlı genişmiqyaslı hazırlıq işləri görülür. Tədbirin keçiriləcəyi 3 həftə ərzində Azərbaycana 50-70 min arası xarici vətəndaşın gəlişi gözlənilir. Bununla bağlı həm turizm şirkətləri, həm hotellər, nəqliyyat vasitələri, ümumiyyətlə turizm sahəsində hansı subyektlər varsa hər biri səfərbərliklərə başlayıb. Düşünürəm ki, bu mötəbər tədbir sonrakı dövrdə də Azərbaycana turist axınına səbəb ola bilər. Tədbir zamanı müxtəlif dünya dövlətlərinin tanınmış kütləvi informasiya vasitələri də Azərbaycandan reportajlar hazırlayacaq. Bu da ölkə turizminin dünyada müsbət imicinin formalaşmasında və təbliğinda müsbət hallardan biridir.
Turistlərin Azərbaycana gəlməsi ilə bağlı “Formula 1” və s. əlavə beynəlxalq tədbirlər də baş tutacaq. Bununla paralel olaraq gəlmə turizm şirkətlərimiz dünyanın müxtəlif beynəlxalq turizm sərgilərində iştirak edir, Azərbayana turların tanıtımını həyata keçirirlər.
Fikrimcə, 2024-cü ildə ölkəmizə gələn turist sayında minimum 20% artım müşahidə edə biləcəyik. Qeyd etmək istəyirəm ki, 2023-cü ildə 2 milyon əcnəbi turist ölkəmizi səyahət edib. Post-pandemiya dövrünün bu statistikası onu göstərir ki, proseslər yüksələn dinamika ilə inkişaf edir.
— Bu il əsas həllini tapmalı olan viza məsələləri ilə bağlı hansı addımlar atılacaq?
— Təəssüf hissi ilə bildirirəm ki, viza məsələləri hələ də açıq olaraq qalır. Azərbaycan vətəndaşları xarici ölkə səfirliklərindən bayram günləri, yay ayları və b. günlər üçün yer götürməkdə böyük çətinliklərlə üzləşirlər. Buna görə də turistlərin arasında narazılıqlar var. Bu haqlı narazılıqdır, çünki səfər etmək istəyən insanlar öz tətillərini planlaşdıra bilmirlər. Bununla yanaşı, təcili hallar zamanı da, məsələn xəstəliklə bağlı, digər istisna vəziyyətlərdə səfər etmək istəyən insanlar üçün də yerlər tapılmır. Əksər bu kimi hallar viza mərkəzləri ilə bağlıdır. İnsanların qarşılaşdığı viza problemləri ilə bağlı biz intensiv müzakirələr aparıb səfirliklərin diqqətinə çatdırırıq.
— 2024-cü ildə Azərbaycan turizmi 2019-cu ilin nəticələrini ötə biləcəkmi?
— Dinamika və imkanlar onu göstərir ki, 2019-cu ilin nəticələrini 2024-cü ildə təkrarlaya bilərik. Lakin bu məsələdə aviareyslərin sayının artırılması və qiymət strategiyasının tənzimlənməsi, hotellərdəki xidmət və qiymət siyasətinin rəqabətə dözümlü olması vacibdir. Çünki, turizm şirkətləri turpaketləri əldə olan qiymətlər üzərində formalaşdırır. Əgər hava yolları, hotellər qiymətləri 50-100% yüksəldərsə, bu turpaketlərdə hiss olunan dərəcədə fərqə səbəb olacaq ki, bu da digər dövlətlərlə rəqabətdə bizim ölkəni uduzduracaq. Ona görə də bu məsələdə həm aviaşirkətlər, həm də hotellər diqqətli olmalıdır. Qiymət nə qədər sərfəli olarsa, Azərbaycana daha çox turist gətirə bilərik. Buna görə də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq biz həm hava yolları, həm də hotellərlə daim görüşlər keçirir, müzakirələr aparırıq.
RƏHİM QƏDİROV | Turizmplus.az