• 8 °C
|

ABŞ-da güclü qar fırtınası həyatı iflic edib

26 Yanvar 2026
img

ABŞ-da güclü qar fırtınası və sərt soyuqlar ölkənin orta və şimal-şərq ştatlarında həyatı iflic edib.

APA xəbər verir ki, Texas, Nyu-York, Nyu-Cersi və Vaşinqton daxil olmaqla bir çox bölgədə nəqliyyat və enerji təminatında ciddi problemlər yaranıb.

Məlumata görə, ölkə üzrə 11 mindən çox uçuş ləğv edilib, 13 mindən çox uçuş isə təxirə salınıb.

Qar xüsusilə Filadelfiya, Vaşinqton, Baltimor, Şimali Karolina, Nyu-York və Nyu-Cersi hava limanlarının fəaliyyətinə təsir edib.

Tennessi ştatında 300 mindən çox, Mississippidə isə təxminən 150 min olmaqla ümumilikdə 920 minə yaxın insan elektriksiz qalıb. Səlahiyyətlilər kəsintilərin arta biləcəyi barədə xəbərdarlıq edib.

Nyu-Yorkda qar və soyuq səbəbilə 5 evsiz şəxs küçədə ölü tapılıb. Şəhər rəhbərliyi müvəqqəti isinmə və sığınacaq mərkəzləri açıb, məktəblərin isə sabah onlayn təhsilə keçəcəyi açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti 213 milyon insanın təhlükəli hava şəraitinin təsiri altında olduğunu, qar fırtınasının sabaha qədər davam edəcəyini, daha sonra isə şiddətli soyuq və buzlaşmanın bir neçə gün risk yaradacağını açıqlayıb.