Yeni tur-operatorun gəlişi sənayedə müsbət dəyişikliklərə səbəb olacaq — PEŞƏKAR RƏYİ

BeFunky collage 3 scaled

İllərdir göstərdiyi fəaliyyət ilə MDB-də şöhrət qazanmış «Fun&Sun» tur-operatoru Azərbaycan turizm bazarına daxil olub. Bu münasibətlə aprelin 12-də «JW Mariott Absheron» hotelində 100-ə yaxın yerli turizm şirkətinin iştirakı ilə təqdimat mərasimi keçirilib. MDB ölkələrində kifayət qədər tanınan şirkət Azərbaycan bazarında turizm agentliklərinə veriləcək iddialı komissiya faizləri və şərtlərlə təmsil olunacaq.

Bu mənada qeyd edə bilərik ki, həm Türkiyə, həm Dubay, həm də Misir istiqamətində qiymət dəyişiklikləri, rəqabət mühitinin daha dərindən formalaşması və xidmətlərin yaxşılaşdırılması qaçılmazdır.

WhatsApp Image 2023 04 14 at 12.27.50

Turizmplus.az yeni tur-operatorun gəlişi ilə bazarda dəyişdirə biləcəyi məqamlar barədə aparıcı turizm şirkətlərinin rəhbərləri ilə danışıb.

«Caspian Smart Holidays» şirkətinin direktoru Abbas Məmmədov bildirib ki, yalnız «Fun&Sun» tur-operatorunun yox, digər şirkətlərin də turizm bazarına gəlişi rəqabət mühitinin yaranmasına və inkişafına səbəb olur. Bu da təbii ki, müsbət haldır.

«Yalnız rəqabət nəticəsində qiymətlər həm turistlər üçün, həm də turizm şirkətləri üçün daha sərfəli olur», — deyə Abbas Məmmədov qeyd edib.

«Victory Tour» şirkətinin həmtəsisçisi Vüsal Hacıyev saytımıza verdiyi açıqlamada yeni tur-operatorun bazara daxil olmasını müsbət hal kimi qiymətləndirib.

«Turizm bazarında tur-operatorlar arası rəqabətin artması daha yaxşı təkliflərə imkan yaradacaq. Onu da bildirim ki, hər dəfə sənayeyə yeni gələn tur-operatorlar özləri ilə yeniliklər də gətirir. Bu da ümumi olaraq bütün turizm sferasına müsbət təsir göstərir», — deyə Vüsal Hacıyev qeyd edib.

«Fun&Sun operatorunu uzun illərdir tanıyıram. Türkiyə və Rusiya bazarında kifayət qədər öz sözünü demiş, əsasən, lüks seqmentə aid tur-operatordur».

Bu sözləri Turizmplus.az saytına açıqlamasında «Aristokrat Travel Azerbaijan» şirkətinin direktoru Nizami Həsənov bildirib. O, qeyd edib ki, Azərbaycan bazarında olan rəqabətə davamlı qiymət siyasətini düzgün və ağıllı qaydada yürütsələr, bazara tam asanlıqla daxil ola biləcəklər.

«Bu şirkətin sənayeyə asanlıqla daxil olması üçün bütün resursları var. Brend olaraq da dünya turizm marketində kifayət qədər tanınmış bir brenddir.

Azərbaycan turizm sənayesində, belə böyük tur-operatorların sayının çoxalması vacib bir faktordur. Təbii haldır ki, tur-operatorlar arasında satışda daha çox pay almaq üçün rəqabət formalaşacaq. Bəzən qiymətlərlə, bəzən daha üstün xidmətlə və ya başqa formalarda biznes mübarizəsi başlayacaq. Bu da ümumilikdə Azərbaycan turizmi üçün xeyirli haldır», — deyə Nizami Həsənov qeyd edib.

RƏHİM QƏDİROV

Menecerlər