
Patriot hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raket-tutucuların istifadə tempi getdikcə daha çox narahatlıq doğurur, çünki onların istehsalı mövcud tələbatın sürətinə çatmır.
APA xəbər verir ki, Defence Express nəşrinin yazdığına görə, narahatlıq xüsusilə ona görə artır ki, Ukrayna, eləcə də ABŞ və müttəfiqləri bu raketlərdən Rusiya və İran mənşəli ballistik raket hücumlarının qarşısını almaq üçün fəal şəkildə istifadə edirlər.
Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyusun məlumatına əsasən, son 4 ay ərzində Ukrayna Müdafiə Qüvvələri Rusiyanın müxtəlif obyektlərə, əsasən də enerji infrastrukturuna yönəlmiş raket zərbələrini dəf edərkən Patriot kompleksləri üçün təxminən 700 raket istifadə edib.
Bununla belə, söhbətin yalnız PAC-3 MSE raketlərindən, yoxsa GEM-T tipli raketlərin də daxil olub-olmadığından getdiyi dəqiqləşdirilmir. Qeyd olunur ki, əsas məsələ Rusiyanın ballistik raketlərinin tutulması ilə bağlıdır.