
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton NATO müttəfiqlərindən Hörmüz boğazının blokadadan çıxarılması məsələsində dəstək gözləyir.
APA xəbər verir ki, o, bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.
Tramp qeyd edib ki, ABŞ Ukraynaya dəstək göstərsə də, əslində buna borclu deyildi.
“Bizim NATO kimi bir qurumumuz var. Biz çox nəzakətli davrandıq. Biz NATO müttəfiqlərinə Ukrayna məsələsində kömək etməyə borclu deyildik. Ukrayna bizdən minlərlə kilometr uzaqdadır. Amma biz kömək etdik. İndi görək, onlar bizə kömək edəcəklərmi”, – deyə ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, Vaşinqton müttəfiqlərinə kömək etməyə hazırdır, lakin onların da ABŞ-la eyni mövqedə olub-olmayacağı sual altındadır.
“Mən çoxdan deyirəm ki, biz onlara kömək etməyə hazırıq, amma onlar bizimlə birlikdə olmağa hazır deyillər. Və əmin deyiləm ki, bizimlə olacaqlar”, – deyə Tramp əlavə edib.