«Turizm fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər qanunlara riayət etməlidir» — ATAA SƏDRİNİN MÜŞAVİRİ

muzeffer bey

Son günlər Azərbaycan turizm sənayesinin gündəmində olan əsas mövzulardan biri də bəzi yerli turizm bloggerlərinin vergi ödəyicisi olmadan, Turizm haqqında qanunun tələblərinə riayət etmədən tur satışlarına başlamasıdır. Bu məsələ həm də qanunlara uyğun fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələrinin də ciddi narahatlığına səbəb olub.

Turizmplus.az saytı məsələ ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimova sorğu ünvanlayıb.

Veteran turizmçi saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda yalnız vergi ödəyicisi olan turizm şirkətləri fəaliyyət göstərə bilər. Eyni zamanda, daha yaxşı olar ki, həmin turizm şirkətləri Azərbaycan Turizm Agentliyi Assosiasiyasının üzvü olsun.

“Bizim tövsiyyələrimiz, məsləhətlərimiz, onların gələcək fəaliyyətlərində müsbət amil ola bilər. Ancaq turizm fəaliyyəti ilə məşğul olan, vergi ödəyicisi olmayan, VÖEN-i olmayan, dövlətə vergi verməyən şəxslərin turizm fəaliyyəti ilə məşğul olması qadağandır. Blogger olub-olmamasında asılı olmayaraq kim turizm fəaliyyəti ilə məşğul olmaq istəyirsə qanunlara tabe olmalı və yuxarıda sadaladıqlarıma əməl etməlidir”.

— Bir neçə gün sonra Turizm Reyestrinin təqdimatı gözlənilir. Orada yazılan qaydalar şirkətlərlə yanaşı fərdi şəxslərə də şamil olunmalıdır?

“Təbii ki, gələcəkdə turizm şirkətlərinin reyestri həyata keçiriləcəksə həmin qayda bütün turizm fəaliyyəti ilə məşğul olan şirkət və şəxslərə aid edilməlidir.

Əgər bir şəxs və yaxud bir şirkət Turizm haqqında qanunun tələblərinə cavab vermirsə və vergi ödəyicisi deyilsə, onun turizm ilə fəaliyyət göstərməyi qadanğandır.

Biz də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq qanunla tənzimlənmiş şəkildə fəaliyyət göstərən hər kəsə yardımçı olmağa hazırıq”, — deyə Müzəffər Ağakərimov qeyd edib.

RƏHİM QƏDİROV

Menecerlər