
ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanı ilə dinc nüvə enerjisi proqramına dair sazişi Konqresin təsdiqinə təqdim edib.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Saziş ABŞ-ın ər-Riyadın nüvə enerjisi proqramını dəstəkləməsini və amerikalı şirkətlər üçün bu sahədə geniş imkanlar açılmasını nəzərdə tutur.
Məlumata görə, Vaşinqton sazişin həyata keçirilməsini Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim sazişlərinə qoşulması ilə əlaqələndirir.
ABŞ Energetika Nazirliyi daha əvvəl sazişin bir neçə onillik müddətinə nəzərdə tutulduğunu açıqlamışdı.
Tramp isə bildirib ki, ər-Riyad razılaşmanın icrası üçün İbrahim sazişlərinə qoşulmalıdır və sənəd nüvə materiallarının zənginləşdirilməsini nəzərdə tutmur.
CNN-in məlumatına görə, bu şərt həm ABŞ-ın danışıqlar aparan nümayəndələri, həm də Səudiyyə Ərəbistanı üçün gözlənilməz olub.