
ABŞ ordusunun Quru Qoşunları naziri Daniel Driskoll 2026-cı ilin sentyabrında vəzifəsindən getmək istəyir.
Bu barədə “NBC News” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Driskoll sentyabrın ilk bazar ertəsi qeyd olunan Əmək Günündə istefa verməyi planlaşdırdığını yaxın çevrəsinə bildirib.
Bu il Əmək Günü sentyabrın 7-nə təsadüf edir. Lakin ABŞ Prezidenti Donald Trampın administrasiyası nazirin ən azı ilin sonunadək vəzifəsində qalmasını istəyir.
Qeyd edək ki, daha əvvəl “The Wall Street Journal” da mənbələrinə istinadən Driskollun ilin sonunadək, hətta daha əvvəl istefa verə biləcəyini yazmışdı. Qəzetin məlumatına görə, Driskoll ilə Pentaqon rəhbəri Pit Hegset arasında fikir ayrılıqları uzun müddətdir davam edir.