• 27 °C
|

Cared Kuşnerin Misirdə HAMAS liderləri ilə görüşü olub

16 Avqust 2026
img

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner bazar günü Misirdə HAMAS liderləri ilə görüşərək onları silahsızlaşdırma ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.

Bu barədə “Axios” adı açıqlanmayan iki mənbəyə istinadən məlumat yayıb.

Görüş Kuşnerin ötən ilin oktyabrında Qəzzada müharibəyə son qoyulması barədə razılaşmanın imzalanmasından sonra HAMAS rəhbərliyi ilə ilk görüşü olub.

Görüş ABŞ administrasiyası və Trampın Sülh Şurasının HAMAS və İsraili ABŞ-ın 20 maddəlik sülh planının növbəti mərhələsinə keçməyə çağırdığı bir vaxtda baş tutub.

Məlumata görə, Kuşner bazar ertəsi İsrailə gedərək Baş nazir Benyamin Netanyahu ilə İsrailin atmalı olduğu müvafiq addımları müzakirə edəcək.

Görüşdə Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenov və şuranın üzvü, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer də iştirak edib. HAMAS-ın siyasi lideri Xəlil əl-Həyyə, Misir kəşfiyyatının rəhbəri Həsən Rəşad, qətərli diplomat Əli əl-Təvadi və Türkiyənin yüksək vəzifəli rəsmisi də görüşə qatılıb.

Mənbənin sözlərinə görə, əsas məqsəd HAMAS-ın Qəzzanı demilitarizasiya etmək öhdəliyini konkret və yoxlanıla bilən addımlara çevirmək olub.

Bu addımlara Qəzzada idarəetmənin fələstinli texnokrat hökumətə verilməsi və HAMAS-ın ərazinin gələcək idarəçiliyində heç bir rolunun olmaması daxildir.

Sülh Şurası həmçinin HAMAS-dan silah və hərbi infrastrukturu ləğv etməyə başlamasını, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin Qəzzaya yerləşdirilməsinə şərait yaratmasını və ərazinin bərpasına maneələrin aradan qaldırılmasını istəyir.

Mənbə bildirib ki, HAMAS silahsızlaşdırılmağa başlasa, İsrail də Qəzzadan müvafiq şəkildə geri çəkilməli və humanitar yardımların çatdırılmasını sürətləndirməlidir.

Mənbə onu da vurğulayıb ki, HAMAS idarəetmə səlahiyyətindən, bütün silahlardan və hərbi infrastrukturlardan imtina etməlidir.