
“ABŞ Ukrayna ilə Rusiya arasındakı müharibənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”.
APA UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında çıxışı xamanı bildirib.
ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin fikrincə, Rusiya ilə dialoq olmadan sülh yolu ilə nizamlanma şansı çox azdır.
Uitkoff Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampla üçtərəfli sammitə hazır olub-olmaması ilə bağlı suala belə cavab verib: “Biz bu münaqişənin hərbi yolla yox, diplomatik yolla həllinə çalışırıq. Prezident Trampın hər zaman qarşıya qoyduğu məqsəd də budur”.
Uitkoff bildirib ki, məhz bu səbəbdən Cared Kuşnerlə birlikdə Kiyevə gəlib.
Uitkoff onu da əlavə edib ki, Tramp bu yanaşma sayəsində dünyada azı doqquz münaqişənin sona çatmasına kömək edib və gələcəkdə daha çox münaqişənin nizamlanması mümkündür.
“Düşünürəm ki, Moskvada əhəmiyyətli irəliləyiş əldə etmişik. Yeni ideyalar eşitdik. Prezident Zelenskinin üçtərəfli görüş barədə danışdığını eşitdiniz və ümid edirik ki, yaxın vaxtlarda bununla bağlı müvafiq açıqlama veriləcək. Moskvada müzakirə etdiyimiz və burada, Kiyevdə təqdim etdiyimiz bir çox digər mühüm və əsaslandırılmış ideyalar da var. Biz hesab edirik ki, əməkdaşlıq həlledici əhəmiyyət daşıyır”, – Uitkoff əlavə edib.