
Avropa Komissiyası Ukraynanın 2026-cı ildə müdafiə sahəsində maliyyələşdirmə çatışmazlığının aradan qaldırılması üçün tələb olunan 8 milyard dolları təmin edə bilməyəcək.
APA xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko “Facebook” səhifəsində yazıb.
Avqust ayında Ukrayna Müdafiə Nazirliyi əlavə müdafiə ehtiyaclarının 27 milyard dollar təşkil etdiyini açıqlayıb. Bu həftə Maliyyə və Müdafiə nazirliklərinin nümayəndələri Avropa Komissiyasının təmsilçiləri ilə Brüsseldə görüşərək bu ehtiyacın ödənilməsi yollarını müzakirə ediblər.
“Ukrayna daxili resurslar hesabına bu ehtiyacın 7 milyard dollardan çoxunu qarşılayacaq. Söhbət qənaət və xərclərin yenidən bölüşdürülməsindən gedir. Daha təxminən 12 milyard dolları birgə səylərlə tapacağımıza ümid edirik. Qalan vəsait kritik ehtiyacdır və onun mənbəyini müəyyənləşdirmək üçün Müdafiə Nazirliyi ilə birlikdə işləyirik. Avropa Komissiyası bu il müvafiq alətlərin olmaması səbəbindən həmin məbləği qarşılaya bilməyəcək”, – Marçenko bildirib.