
UEFA FİFA prezidenti Canni İnfantinonun dünta çempionatının bir hissəsinin satılması planına dəstək qarşılığında maliyyə ödənişləri təklif etməsi ilə bağlı açıqlama yayıb.
Apasport.az xəbər verir ki, daha əvvəl İnfantinonun razılaşmanın təsdiqi müqabilində FİFA-ya üzv ölkələrin hər birinə 40 milyon dollar maliyyə dəstəyi təklif etdiyi bildirilib.
UEFA-nın açıqlamasında qeyd olunub ki, FİFA tərəfindən təklifin dəstəklənməsi üçün müəyyən edilmiş son tarix və əks halda birdəfəlik ödənişin geri götürüləcəyi barədə məlumat planla bağlı suallar yaradır.
“Futbol dünyasında bir çox maraqlı tərəflərlə müzakirələr apardıqdan sonra UEFA anlayır ki, FİFA-nın bu sxeminə qarşı ciddi və artan müqavimət var. FİFA özünü və dostlarını zənginləşdirmək üçün futbolumuzdan istifadə etməyə davam edə bilməz. Biz oyunu düzgün şəkildə inkişaf etdirə bilərik. İndi əsas diqqəti federasiyalara, klublara, liqalara, futbolçulara və azarkeşlərə yönəltməyin vaxtıdır”, – deyə UEFA-nın açıqlamasında bildirilib.
Qeyd edək ki, İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin satılması ilə bağlı plan hazırladığı və bunun ona şəxsən on milyonlarla funt sterlinq qazandırmaq imkanı verə biləcəyi iddia olunur.