Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin iştirakı ilə mühüm sənədlərin imzalanması və mübadiləsi mərasimi keçirildi. Bu görüş iki ölkə arasında çoxşaxəli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Mediaplus.az xəbər verir ki, bu barədə millət vəkili Göydəniz Qəhrəmanov sosial şəbələ hesablarında yazıb.
Bu səfər təkcə diplomatik mərasim deyil, həm də Azərbaycan-Qazaxıstan əlaqələrinin strateji tərəfdaşlıqın və müttəfiqlin göstəricisidir. Prezidentlər tərəfindən imzalanan “Birgə Bəyanat”, eləcə də Ali Dövlətlərarası Şuranın qərarları, iki qardaş ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı dahada gücləndirir.
Prezident İlham Əliyevin Astanaya səfəri, Türk dünyasında həmrəyliyin və birgə siyasi iradənin nümayişi kimi qiymətləndirilə bilər. Bu, həm də Azərbaycanın regional lider kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir. Qazaxıstan Prezidenti Tokayevin çıxışlarında da qeyd olunduğu kimi, Bakı və Astana yalnız iqtisadi tərəfdaş deyil, həm də regionda sabitliyin və təhlükəsizliyin dayaqlarıdır.
Səfər çərçivəsində iqtisadi sahədə imzalanan çoxsaylı sənədlər, iki ölkənin uzunmüddətli inkişaf vizyonunu əks etdirir. Bunlar arasında xüsusilə energetika, rəqəmsal iqtisadiyyat, süni intellekt, nəqliyyat-logistika, investisiya və sənaye mülkiyyəti sahələrinə dair sazişlər diqqət çəkir.
Azərbaycan və Qazaxıstan, Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas iştirakçılarıdır. Bu marşrut Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz və Avropa arasında ticarət dövriyyəsini sürətləndirir. Səfər zamanı imzalanan energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş, Xəzər regionunda enerji təhlükəsizliyinin və alternativ nəqliyyat marşrutlarının inkişafına xidmət edəcək. Azərbaycanın neft, qaz və yaşıl enerji potensialı ilə Qazaxıstanın xammal və tranzit imkanlarının birləşdirilməsi, gələcəkdə Avropa bazarına çıxışda yeni iqtisadi sinerji imkanlarını açır.
Bu sənədlər bir daha sübut edir ki, Azərbaycan və Qazaxıstan əlaqələri təkcə rəsmi tərəfdaşlıq çərçivəsində deyil, dərin qardaşlıq münasibətləri üzərində qurulub.
Hər iki ölkənin liderləri Türk Dövlətləri Təşkilatının çərçivəsində türk dünyasının birliyini gücləndirmək, regionda sabitliyi və iqtisadi inteqrasiyanı təmin etmək istiqamətində ardıcıl siyasət yürüdür. Bu mənada Prezident İlham Əliyevin Qazaxıstana səfəri, yalnız ikitərəfli deyil, eyni zamanda Türk dünyasının birliyi və Orta Dəhliz strategiyası üçün də vacib mərhələ hesab oluna bilər.