
“8 Noyabr – Zəfər Günü təkcə hərbi qələbənin xatirəsi deyil, həm də Azərbaycanın gələcəyinə inamın təntənəsidir. Bu Qələbə bir daha sübut etdi ki, xalqın iradəsi, ordunun qüdrəti və cənab Prezidentin müdrik rəhbərliyi birləşəndə heç bir güc Azərbaycanın qarşısında dura bilməz. Bu gün Azərbaycan xalqının onilliklər boyu həsrətlə gözlədiyi haqqın, ədalətin və milli qürurun təntənəsidir. 44 gün davam edən Vətən müharibəsi nəticəsində xalqımız Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən böyük Qələbəsini qazandı. Bu Qələbə təkcə torpaqların azad olunması deyil, həm də mənəvi gücün, dövlətin qətiyyətinin nümayişi idi. Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycan bir gün belə mübarizədən vaz keçmədi, səbrlə, mərhələli şəkildə Zəfər gününə hazırlaşdı. Həmin dövrdə bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Lakin cənab Prezident İlham Əliyev dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik. Zamanı gəlincə isə bütün dünya Azərbaycan Prezidentinin bu dəfə də haqlı olduğunu gördü.”
Bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Deputat xüsusi olaraq qeyd edib ki, cənab Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət, ordumuzun gücləndirilməsi, diplomatik səviyyədə formalaşdırılmış möhkəm mövqe bu tarixi Qələbəninəsas sütunlarını təşkil etdi: “2020-ci ilin payızında başlayan əks-hücum əməliyyatları yalnız hərbi baxımdan deyil, həm də siyasi və mənəvi baxımdan dünyaya nümunə oldu. Azərbaycan öz suveren hüquqlarını beynəlxalq hüquqa uyğun şəkildə bərpa etdi. Bu, müstəqil Azərbaycanın qürurla yazdığı ən yeni tarix idi. Vətən müharibəsində əldə edilən Qələbə həm də dövlət-xalq birliyinin təzahürü idi. Ön cəbhədə döyüşən əsgərin arxasında bütöv bir millət dayanmışdı. O millət ki, öz liderinə inanır, dövlətinə güvənirdi. Ali Baş Komandanın qətiyyətli çıxışları, müharibənin hər mərhələsində göstərdiyi siyasi iradə və diplomatik çeviklik qələbənin təminatına çevrildi. “Dəmir yumruq” təkcə hərbi gücün deyil, həm də milli birliyin simvolu idi. Bu gün Zəfərimizin nəticələri bütün sahələrdə öz bəhrəsini verir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı Qələbənin davamı kimi qiymətləndirilməlidir. Dövlətimizin həyata keçirdiyi müdrik siyasət sayəsində bu torpaqlarda həyat yenidən canlanır, şəhidlərin ruhu qarşısında borcumuz layiqincə yerinə yetirilir” – deyə, Göydəniz Qəhrəmanovfikirlərini tamamlayıb.