
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 12-də bir sıra rayonlara və Naxçıvan Muxtar Respublikasına yeni rəhbər kadrların təyin edilməsi və bununla bağlı çıxışı bir daha göstərir ki, Azərbaycan dövləti idarəetmədə şəffaflıq, ədalət və xalqa xidmət prinsiplərini prioritet istiqamət kimi müəyyən edib.
Cənab Prezidentin “sizə böyük etimad göstərilir və bu etimadı doğrultmalısınız” fikri təsadüfi deyil. Hər bir icra başçısı bu etimadın dəyərini əməli fəaliyyəti ilə sübut etməlidir. Etimadı doğrultmaq o deməkdir ki, vətəndaşın problemi yerində – operativ, ədalətli və səmimi şəkildə həll olunmalıdır.
Mediaplus.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Prezident İlham Əliyevin “xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” tapşırığı idarəçilik fəlsəfəsinin əsas sütunlarındandır. Dövlət başçısının bu çağırışı göstərir ki, məmur kabinetdə deyil, xalqın içində olmalıdır. İcra başçılarının kəndləri, qəsəbələri gəzərək vətəndaşla birbaşa ünsiyyət qurması, yerində problemləri dinləməsi artıq normaya çevrilməlidir.
Bu, həm dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsi, həm də yerli səviyyədə sosial ədalətin bərqərar olması baxımından böyük əhəmiyyət daşıyır.
Prezidentin çıxışında vurğulanan əsas istiqamətlərdən biri də sosial ədalətin təmin olunması, bölgələrdə iş yerlərinin yaradılması və sahibkarlığın dəstəklənməsi idi. Bu çağırış xüsusilə regionların iqtisadi inkişafında yeni dinamika yaradacaq.
Kənd təsərrüfatı və turizmin inkişafı istiqamətində dövlətin atdığı addımlar bölgələrdə iqtisadi fəallığın, eyni zamanda məşğulluğun artmasına gətirib çıxaracaq. Prezidentin bu istiqamətdə verdiyi göstərişlər həm sosial rifahın yüksəldilməsi, həm də dayanıqlı iqtisadi artımın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Cənab Prezidentin çıxışı hər bir dövlət məmuruna açıq mesajdır: yalnız dürüst, ədalətli və xalqa xidmət edən rəhbər etimadı doğrulda bilər. Yeni təyinat alan icra başçıları bu etimadı əməli fəaliyyəti ilə sübut etməli, dövlət siyasətinin mahiyyətini – xalqa xidmət prinsiplərini – real işdə göstərməlidirlər.