
Azərbaycanın paytaxtında həyata keçirilən hər bir infrastruktur layihəsi vətəndaşların rifahına xidmət etməklə yanaşı ölkənin ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirakı bu siyasətin növbəti uğurlu təzahürüdür.
Həyata keçirilən bu cür layihələr ilk növbədə sosial rifahın yüksəldilməsinə və yenidən qurulan küçələr, müasir kommunikasiya xətləri, abadlaşdırılmış ərazilər vətəndaşların gündəlik həyatına xidmət edir.
Abadlıq istiqamətində görülən işlər Bakının simasını köklü şəkildə dəyişir. İslam Səfərli küçəsinin müasir standartlara uyğun yenidən qurulması şəhərin estetik görünüşünü daha da zənginləşdirir, piyada və nəqliyyat hərəkətini optimallaşdırır. Bu kimi layihələr Bakını regionun ən müasir və rahat şəhərlərindən birinə çevirir.
Qeyd etmək istəyirəm ki təmsil etdiyim Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsi ərazisində mühüm abadlıq işləri həyata keçirilir. Yeni parkların salınması, mövcud yaşıllıq zonalarının genişləndirilməsi, istirahət məkanlarının yaradılması sakinlərin gündəlik həyatına müsbət təsir göstərir. Bu cür təşəbbüslər şəhərin görünüşünü yaxşılaşdırır və insanların sosial rifahını yüksəldir, onların asudə vaxtının daha səmərəli və sağlam mühitdə keçirilməsinə imkanlar açır. Sakinlərin rahatlığı, təhlükəsizliyi və məmnunluğu dövlət siyasətinin əsas prioritetlərindəndir.
Turizm baxımından da bu kimi layihələrin əhəmiyyəti böyükdür. Paytaxtın mərkəzi küçələrinin və ictimai məkanlarının yenilənməsi, müasir infrastrukturun qurulması şəhərin turizm cəlbediciliyini artırır. Xarici qonaqlar üçün komfortlu və estetik şəhər mühiti ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərir və turizm sektorunun inkişafını sürətləndirir.
İnkişaf kontekstində bu layihə ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinin davamlı xarakter daşıdığını göstərir. Cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan sürətlə modernləşir, şəhər və regionlarda infrastruktur yenilənir.
Nəticə etibarilə, İslam Səfərli küçəsinin yenidənqurmadan sonra istifadəyə verilməsi təkcə bir küçənin açılışı deyil, həm də sosial rifahın yüksəldilməsi, abadlıq işlərinin genişlənməsi, turizm potensialının artırılması və ümumi inkişaf strategiyasının uğurlu icrasının bariz nümunəsidir.