
ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Rusiya və Ukraynada apardıqları danışıqların nəticələri barədə məruzəsindən sonra Rusiya Prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır.
Bu barədə “Kyiv Independent” amerikalı məmura istinadən məlumat yayıb.
Məmurun sözlərinə görə, Tramp Putinə zəng etməzdən əvvəl Uitkoff və Kuşnerlə məsləhətləşəcək. Daha sonra isə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışacaq. Danışıqların sentyabrın 7-də keçirilməsi ehtimal olunur.
Məlumata görə, Uitkoff və Kuşnerin Rusiya və Ukraynaya səfərlərində əsas müzakirə mövzularından biri müharibənin dayandırılması və Rusiya ilə danışıqlar prosesinin bərpası olub.
Zelenski bildirib ki, danışıqların yenidən başlaması mümkündür, lakin ərazi məsələsi də daxil olmaqla əsas məsələlər yalnız ölkə liderləri səviyyəsində həll edilə bilər.
Uitkoff isə Ukraynada keçirdiyi birgə mətbuat konfransında Rusiyanın iştirakı olmadan sülhə nail olmaq şanslarının çox aşağı olduğunu deyib.