
İranın xarici işlər naziri Abbas Əraqçi region ölkələrini yaxşı qonşuluq prinsipinə sadiq qalmağa və ərazilərindən İrana qarşı istifadənin qarşısını almağa çağırıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Əraqçi bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşündə bildirib.
O, regionda mövcud vəziyyətin ABŞ və İsrailin təcavüzü, eləcə də ABŞ-ın İrana qarşı dəniz blokadası və iqtisadi müharibə siyasətinin nəticəsi olduğunu deyib.
“Regionun bütün ölkələri yaxşı qonşuluq prinsipinə və ABŞ-ın onların əraziləri və imkanlarından İrana qarşı təcavüzkar tədbirlərin hazırlanması və həyata keçirilməsi, eləcə də iqtisadi müharibə məqsədilə istifadəsinin qarşısının alınmasına sadiq qalmalıdır”, – deyə Əraqçi bildirib.
Nazir qeyd edib ki, İrana qarşı törədilmiş cinayətlər və vurulmuş zərərlər nəzərə alınmadan vəziyyətin fevralın 28-dən əvvəlki vəziyyətə qaytarılmasından danışmaq mümkün deyil.
Əraqçi İranın milli maraqlarını və təhlükəsizliyini qorumaqda qətiyyətli olduğunu, milli suverenlik və maraqlarını müdafiə etmək üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.
Qətərin Baş naziri və xarici işlər naziri isə ölkəsinin regionda təhlükəsizlik və sabitliyin qorunmasına dair mövqeyini ifadə edib və gərginliyin azaldılması üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.