• 27 °C
|

Qalibaf: Trampın iqtisadi mühasirə planı nəticəsiz qalacaq

27 Avqust 2026
img

ABŞ İslamabad anlaşması üzrə öhdəliklərini yerinə yetirməlidir.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşü zamanı deyib.

Qalibaf görüşdə ABŞ-ın İslamabad anlaşma memorandumunun icrası zamanı öz öhdəliklərini pozmasına toxunub. O bildirib ki, Tramp administrasiyası yanlış məlumatlar əsasında yanlış qərarlar qəbul edir.

Qalibaf qeyd edib ki, bu cür yanlış hesablamalar yalnız ABŞ-ın maliyyə, hərbi və insan resurslarını deyil, regionun gələcəyini də təhlükə altına qoyur, İran xalqının maraqlarını hədəfə alır və regionda uzunmüddətli qeyri-sabitliyə səbəb olur: “İrana iqtisadi mühasirə planı da nəticəsiz qalacaq. İran xalqı öz hüquqlarını ləyaqətlə geri alacaq. ABŞ isə İslamabad anlaşması əsasında üzərinə götürdüyü şərtləri həyata keçirməlidir”.

Qətərin Baş naziri isə İran və Oman arasında Hörmüz boğazı üzrə əldə olunan razılaşmanı alqışlayıb. O bildirib ki, davam edən diplomatik proses regionda sabitliyin bərpasına kömək edə bilər.

Qətərin Baş naziri ölkəsinin regionda sabitliyin bərpası üçün həll yollarının irəlilədilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.